YENİLİK

Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində “Tələbə Təşkilatları” mobil tətbiqi yaradılıb

Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müasir gəncliyin formalaşmasında, tələbələrin ictimai-mədəni sahələrdə fəallıq göstərməsində tələbə təşkilatlarının rolunu xüsusilə qiymətləndirib. Qeyd edilib ki, tələbə təşkilatları tərəfindən onların fərdi inkişafının təmin edilməsi, onların vətəndaş mövqeyinin gücləndirilməsi, tələbələrin ictimai layihə və tədbirlərdə fəallığının artırılması, tələbələrdə elmi tədqiqata maraq oyadılması, tələbələr arasında maarifləndirmə işinin aparılması istiqamətində işlər görülür. Bildirilib ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, hüquq və məntiq olimpiadaları, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda universiteti layiqincə təmsil edir və nailiyyət əldə edirlər. Rektor onların təşəbbüsü ilə keçirilən layihələri qiymətləndirərək tələbələrə çağdaş dövrün tələblərinə uyğun olaraq rəqəmsal texnologiyadan istifadə etməyi tövsiyyə edib və tətbiqin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib. Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov tələbə təşkilatlarının birgə fəaliyyət göstərəcəyi mobil tətbiq haqda danışıb. Qeyd edilib ki, “NDU Tələbə təşkilatları” tətbiqinin əsas məqsədi ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatlarını bir araya toplamaq, hər birinin fəaliyyətini vahid platforma üzərindən yaymaqdır. Bildirilib ki, mobil tətbiq internetdən asılı olub-olmamasına görə fərqlənən menyuları olan hibrid tətbiq sayılır. Diqqətə çatdırılıb ki, tətbiqin əsas ekranı 2 hissədən ibarətdir. I hissədə tələbə təşkilatlarının loqoları göstərilməklə onların adı qeyd olunub, II hissədə isə köməkçi menyular yerləşir. Burada təşkilatlar haqqında məlumat, xəbərlər və əsas səhifəyə keçid butonu var. Vurğulanıb ki, “Əsas səhifə”- tətbiqin əsas menyusudur, burada universitet haqda məlumat almaq, həmçinin tələbə təşkilatlarının şəxsi menyusuna keçid etmək olar. Əziz Qasımov qeyd edib ki, tələbə təşkilatlarının hər birinin əsas menyusunda, keçmiş və davam edən layihələr adlı alt menyular yerləşdirilib ki, bu da təşkilatların layihələri haqqında tələbələrə birbaşa məlumat vermək məqsədini daşıyır. Tətbiqdə “Könüllümüz ol” – alt menyusu vasitəsilə tələbələrə təşkilatlara könüllü üzv olmaq üçün forma doldurmaq imkanı verilir. Həmçinin tələbələr “Elmi iş göndər” menyusu vasitəsi ilə öz elmi işlərini universitetin “Tələbə Elmi Cəmiyyətinə” göndərə bilərlər. Bildirilib ki, mobil tətbiqdə bildiriş funksiyası da aktivdir, yəni tətbiq istifadəçiləri universitetdə keçiriləcək tədbirlərdən mütəmadi olaraq məlumat ala biləcək. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov “Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında gənclərin rolu”, Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova “Müasir gəncliyin inkişafında elmin rolu, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti” mövzusunda çıxışlar ediblər. Qeyd olunub ki, universitetin nəzdində fəaliyyət göstərən hər 3 təşkilat hər zaman öz nümunəvi mövqeyini qoruyur və həmin təşkilatların universitetin inkişafında xüsusi rolu vardır. Sonda universitetin rektoru mobil tətbiqi hazırlayan “Tibb” fakultəsinin I kurs tələbəsi Əli Ələkbərliyə diplom təqdim edib.