YENİLİK

Naxçıvan Dövlət Universiteti “Ən yaxşı Beynəlxalq layihə” nominasiyasına layiq görülüb

Türkiyənin Qaradəniz Texniki Universitetinin (KTÜ) Texnologiya Transferi Tətbiq və Araşdırma Mərkəzi tərəfindən təşkil edilən, “16-cı Xəyalından Gerçəyinə Beynəlxalq Layihə Bazarı” festivalı yekunlaşıb. Nəzərinizə çatdıraq ki, rəhbəri Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov, layihə qrupu üzvləri isə Daşqın Məmmədov, Azad Əzizzadə və Tural Allahverdi olan Naxçıvan Dövlət Universitetinin startap komandası “Ağıllı ev” layihəsi ilə festivala qatılaraq “Ən yaxşı Beynəlxalq layihə” nominasiyasına layiq görülüb. Festivala təqdim edilən layihə evi cinayətkarlardan qorumaq üçün təhlükəsizlik sensorlarının quraşdırılması, havanın temperaturundan asılı olaraq kondisionerlərin işə düşməsi, yağış yağan zaman açıq olan pəncərə və qapıların avtomatik bağlanması, eyni zamanda uzaq məsafədən bunun idarə olunması, günəş enerjisi ilə evin işıqlandırılması, əlil olan şəxslər üçün səslə evdəki əşyaların işə salınması və digər bunun kimi bir çox innovativ xüsusiyyətləri özündə cəmləşdirib. Tədbirin açılış mərasimində Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı və universitetin Texnoloji Transfer Tətbiq və Araşdırma Mərkəzinin direktoru, professor Oktay Yıldız layihə mədəniyyətinin sənaye kooperasiyası ilə vəhdətinin zəruriliyini vurğulayaraq, sərgilənən bütün layihələrə uğurlar arzulayıblar. Qeyd edək ki, festivalda ümumilikdə 140 akademiya, tələbə və sahibkar statusunda layihə müraciətləri qəbul edilib, BMT-nin Davamlı İnkişaf Məqsədləri prioritetləri çərçivəsində hazırlanmış müxtəlif kateqoriyalar üzrə 80 innovativ və sahibkarlıq biznes ideyasının layihələri ilkin qiymətləndirmə proseslərindən sonra müxtəlif qurumlara təqdim edilib, nümayəndələrdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilib. Festival çərçivəsində Sahibkarlıq Mütəxəssisi Eren Yılmaz tərəfindən “Sahibkarlığa Dəstək, Mələk İnvestisiya və Sahibkarlıqlardan Gözləntilər”, Patent Ekspertləri Hülya Sabır və Kərim Sönməzin təşkilatçılığı ilə “İdeyamı necə qorumalıyam?” adlı seminarlar keçirilib, iştirakçılara sahibkarların biznes ideyaları üçün əlavə dəyər yaradacaq elementlər və patent ekosistemi haqqında ətraflı məlumat verilib.