YENİLİK

Naxçıvan Dövlət Universitetində “Beynəlxalq İnformasiya Təhlükəsizliyi” günü qeyd edilib

30 noyabr “Beynəlxalq İnformasiya Təhlükəsizliyi” günüdür. Bu münasibətlə əlaqədar Naxçıvan Dövlət Universiteti İnformasiya-Kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Günümüzdə informasiya təhlükəsizliyi, Mövcud kiber təhlükələr və onlarla müdafiə mexanizmləri” mövzusunda təlim keçirilib. Təlimdə İKT və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli qeyd edib ki, ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar, sərəncamlar qəbul edilib. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə iş aparılır. Kompüter, Şifrə Veb Təhlükəsizliyi, Elektron, Mobil Təhlükəsizlik mövzuları haqqında ətraflı məlumat verən Hüseyn Əsgərli Kompüter Təhlükəsizliyi necə təmin edilir? Zərərli proqram nədir? Zərərli proqram kompüterlərə necə yoluxur, növləri hansılardır? kimi aktual mövzular haqda danışıb. Fikir mübadiləsi aparılan təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və aktiv iştirakçılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, təlimdə 150-dən çox müəllim və tələbə və iştirak edib.