YENİLİK

Naxçıvan Dövlət Universitetinin tələbələri üçün ilk dəfə “Elm və innovasiya” düşərgəsi təşkil edilib

Naxçıvan Dövlət Universitetinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə “Ağbulaq” İstirahət Mərkəzində elm və innovasiya sahəsində fərqlənən tələbələr üçün “Elm və innovasiya” düşərgəsinə start verilib. Üç gün müddətində davam edəcək düşərgədə Tələbə Elmi Cəmiyyəti xətti ilə həyata keçirilən elmi-tədqiqat işlərinin yekununda fərqlənən, I Regional Məntiq və Hüquq olimpiadalarında, ölkə üzrə keçirilən “Nə?, Harada? Nə zaman?” intellektual oyunda qalib olan, “Enactus Onlayn Sahibkarlıq” müsabiqəsində fəallıq nümayiş etdirən universitet tələbələri iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açılış tədbirində çıxış edərək yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, muxtar respublikamızda dövlət-gənclər siyasətinin uğurlu həyata keçirilməsi və gənclərə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, elmə, təhsilə göstərilən diqqət və qayğı sayəsində universitetdə təhsil alan tələbələrin keçirilən yarışlarda, müsabiqələrdə nailiyyətləri artıb. Rektor qeyd edib ki, 2020-2021-ci tədris ilində də gənc nəslin savadlı, bilikli və dünyagörüşlü formalaşması üçün innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaq məqsədilə startap layihələrinin təqdim olunması, tələbələrin elmi-tədqiqat işlərinə, müxtəlif elmi problemlər ətrafında baxış keçirilməsi diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, muxtar respublikada gənclərlə iş yüksək səviyyədə qurulub, onların asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, bu gün muxtar respublika gəncləri bir sıra layihələrdə uğurla iştirak edir və bu onların vətənpərvər, sağlam vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, təklif və layihələri qiymətləndirilib. Qeyd edək ki, düşərgənin növbəti günlərdə tələbələrin elmi və sosial bacarıqlarına müsbət təsir edən, onların gələcək fəaliyyətlərində doğru istiqamətlənmələrinə töhfə verən təlimlər və intellektual oyunlar təşkil olunacaq.